“May balı” kimlər üçün faydalıdır? 

13:21 20.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu balın əsas tərkibi meyvə ağaclarından yığılan nektardır

Arı dünyanın ən böyük loğmanı sayılır. Onun istehsal etdiyi məhsullar min bir dərdin dərmanıdır. Qədim yunanlar və romalılar arıları adi canlı deyil, “müqəddəs varlıq” ,”Günəşin qızı” adlandırırdılar. Qədim alman əfsanələrinə görə, arılar qızıl eradan qalma yeganə varlıqlardır.

Qurani-Kərimin “Ən-Nəhl” surəsində  arıdan bəhs olunur. Bibliyada isə yazılıb ki, arılar uçan canlılar arasında azlıq təşkil edir, amma onun yaratdıqları nemətlərin ən gözəlidir. Təsadüfi deyil ki, dünyada 100 yaş və daha artıq yaşayanların böyük əksəriyyəti arıçılar və onların ailə üzvləridir. Onun istehsal etdiyi məhsulun hər biri sağlamlıq üçün vacib və əhəmiyyətlidir.

Arının istehsal etdiyi məhsullar

Arı məhsullarının tərkibi zülal, karbohidrat, mineral maddə, ferment və hormonlarla zəngindir. Müxtəlif bitkilərin çiçəklərindən yığılan arı məhsulları yüksək kalorili qida və müalicəvi əhəmiyyətə malikdir. Həmin məhsullar bəsit kimyəvi quruluşa malik olduğuna görə orqanizm onu tez mənimsəyir və asan parçalanır. Lakin arı məhsulları dedikdə təkcə qida başa düşülməməlidir. Onun orqanizm üçün faydalı olan və müxtəlif müalicəvi məqsədlər üçün istifadə olunan çoxlu məhsulları var: bal, mum, bərəmum (propolis), çiçək tozcuğu, güləm, arı südü, arı zəhəri, dərisi, cəsədi, mum güvəsi ekstraktı və erkək arı sülfələrinin ekstraktı və s. Həmin məhsullar tərkibinə və müalicəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Arı məhsullarından yeyinti sənayesində, kosmetik və ətriyyat məhsulları istehsalında, təbabətdə və farmakologiyada geniş istifadə edilir və ondan müxtəlif maddələr hazırlanır.

Bu gün insanlar arı məhsulları arasında daha çox baldan istifadə edirlər. Rəngi və dadı isə tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20 faiz su, 80 faizdən çox karbohidrat, 0,4 faiz zülal, 0,3 faiz kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə zənginliyi balı min bir dərdin dərmanına çevirib. Tədqiqatçılar balın sağlamlığa olan əsas faydasının onun antioksidant tərkibindən qaynaqlandığını bildirirlər. Belə ki, təbii bal fitokimyəvi maddələr, flavonoidlər və askorbin turşusu da daxil olmaqla antioksidant rolunu oynayan bir sıra birləşmələri ehtiva edir. Antioksidantlar sərbəst radikalları təmizləyərək bədəndəki oksidləşdirici stresi azaldır. Qeyd edək ki, alimlər xərçəng daxil olmaqla, bir sıra xroniki xəstəliklərin əmələ gəlməsini oksidləşdirici streslə əlaqələndirirlər. Bal həm də təbii antibakterial və antimikrobial vasitədir. Məhz balın tərkibindəki hidrogen peroksid və qlükoza oksidaz, eyni zamanda pH-ın səviyyəsinin aşağı olması zərərli bakteriya və göbələkləri məhv edir. Unikal kimyəvi tərkibinə görə maya göbələkləri və ya bakteriyalar inkişaf edə bilmir. Antibakterial xüsusiyyəti ilə yaraları təmizləməkdə faydalıdır.

“May balı” zəif baldır

Arı məhsullarının faydaları barədə hafta.az-a danışan “Propolis” Arı məhsulları və apifito komplekslər satış mərkəzinin rəhbəri İlham Atakişiyev bildirib ki, əsas müalicəvi bal avqust ayında süzülür:

“Adətən el arasında belə bir fikir formalaşıb ki, “may balı” orqanizm üçün daha faydalıdır. Amma mən deyərdim ki, müalicəvi bal əsasən avqust ayında süzülən baldır. “May balı” zəif baldır. Bu termin bizə ruslardan qalıb. Çünki onlarda ildə bir dəfə mayda çiçəkləmə dövrü olur. Amma bizim Azərbaycanın bölgələrində bu proses avqust ayına kimi davam edir. “May balı” bir az zərif, rəngi şəffaf, ətirli, yüngül, duru baldır. Çünki bal yetişmədiyindən tərkibində suyun faizi yüksək olur. “May balı”nın əsas tərkibi meyvə ağaclarından yığılan nektardır. Bu bal kosmetik məqsədlər üçün daha yaxşı bal sayılır. Yaşlı insalara, körpə uşaqlara “may balı” vermək daha məqsədəuyğundur. Məsələn, uşaqlara birdən-birə ağır bal vermək olmaz. Onların rasionuna zərif və yüngül “may balı” əlavə etmək daha münasibdir ki, yavaş-yavaş bala öyrəşsinlər”.

Şah məhsul - propolis

Mütəxəssis vurğulayıb ki, arı məhsullarının hamısı müalicəvi əhəmiyyətə malikdir: “Arının 11-12 adda məhsulu var, bu məhsulların hər biri orqanizm üçün faydalıdır. Bunların arasında şah məhsul isə propolisdir. Propolis arıların, əsasən, bitki qətranlarından hazırlandığı ən güclü təbii antibiotikdir. Virus, bakteriya, göbələk əleyhinə təsirə malikdir. Farmakodinamik xüsusiyyətlərinə görə bir çox xəstəliklərdə məlhəmləri xaricə, ekstraktları isə daxilə qəbul olunur. Çox adamın arı çörəyi və ya perqa kimi tanıdığı möcüzəli bu arı məhsulunun inanılmaz faydaları var. Bal arıları çiçəklərin yetişmiş erkəkciklərini toplayır, ayaqlarındakı səbətlərə yığır və pətəyə daşıyırlar. Şanlarda mumdan hörülmüş, vərəmumla dezinfeksiya edilmiş, arıların ağız və bağırsaq şirəsi ilə suvanmış bir kasacıq hazırlayırlar. Yuvada uzun müddət keyfiyyətli qalması üçün arılar topladıqları çiçək tozunu da ağız ve bağırsaq şirəsi ilə, yəni xüsusi fermentlə qarısdırıb bu kasacıqlara yığırlar. Uc tərəfdən mum, üst tərəfdən balla bağlı olan kasacıqda çiçək tozunun kimyəvi çevrilməsi, reaksiya gedir. Nəticədə müxtəlif çiçəklərdən toplanmış mikroelementlərlə zəngin olan “arı çörəyi” ilə qidalanan cavan işçi arıların süd vəziləri süd istehsal edir. Güləm kapilyarların divarlarını möhkəmləndirir. Maddələr mübadiləsinə təsir edərək bioloji katalizator rolunu oynayır. Həmçinin güləm kimyəvi terapiya alanlarda yaranacaq mineral-vitamin defisitini bərpa edir, həmçinin ümumi müqaviməti artır. Bəzən fəsil dəyişərkən baş verəcək anemiya hallarını aradan götürür. Qanazlığı olanlar və anemiyaları zamanı güləm əlverişli vasitədir”.

Seçimə diqqət

İlham Atakişiyev habelə qeyd edib ki, arı məhsulları arasında bal həm də qida kimi istifadə olunduğundan onun seçiminə həmişə diqqətlə yanaşmaq lazımdır: “Əsas məsələ arıxananın ekoloji cəhətdən təmiz məkanda olmasıdır. Yəni, istər aran, istər dağlıq ərazilərdə kifayət qədər keyfiyyətli bal əldə etmək mümkündür. Məsələn, aran bölgəsində əldə olunan biyan balı dağlıq ərazilərdə olmur. Biyan balı özünəməxsus müalicəvi xüsusiyyətlərə malikdir. Ümumilikdə isə hər bal növünün ayrı-ayrılıqda öz üstünlüyü var. Sadəcə yaxşı bal əldə etmək üçün iki şey vacibdir: təbii münbit şərait,vicdanlı, peşəkar arıçı. Bunlar ikisi bir yerdə olanda həmin balın keyfiyyətinə söz ola bilməz. Ona görə də mən alıcılara tövsiyyə edirəm ki, ancaq tanıdıqları, etibar etdikləri arıçılardan bal alsınlar. Çünki zaman keçdikcə saxta balı primitiv üsullarla müəyyənləşdirmək çətinləşir”.

Mütəxəssis öz açıqlamasında balı gündəlik qida rasionumuza daxil etməyin vacibliyini də vurğulayıb: “Bal immuniteti gücləndirən ən təsirli vasitədir. Baldan ayda bir və ya 2 dəfə istifadə etməklə faydasını görmək olmaz. Ona görə insanlar balı gündəlik qida rasionuna daxil etməlidirlər. Bal ya gündəlik, ya da günaşırı 1 çay qaşığı olmaqla acqarnına qəbul edilməlidir. Bu zaman onun faydası hiss olunacaq”.